Salı, Aralık 07, 2021

YASAQ-QAÇAQ (hekayə)



YASAQ - QAÇAQ

HEKAYƏ

(anonim məktub əsasında yazılmışdır)

   Onunla aramızda gizli eyni zamanda böyük bir məhəbbət  yaşanmışdı. Həm yasaq, həm qaçaq.
  O bizim kampın həkimi, mən isə yeməkxanada şef pover işləyirdim. Heç bilmirəm necə başladı bu sevgi oyunumuz. Düzünü desəm heç onunla danışmağa, üz üzə gəlməyə belə risk etmirdim. Həm həddindən artıq ağır başlı qadın idi, həm başı aşağı - həyalı.
    İkimiz də evli idik. İşdə məhəbbət məcaralarını çox görüb eşitmişdim amma... Ali savadlı həkim xanım hara, mənim kim qariban aşbaz  hara...  Çevrəmdə onlarca qız varkən kampın həkimiylə məcara yaşamaq mənə qalmışdı? Birdə bu nə mənə, nə ona yaraşmazdı. Yaşımız da az deyildi. 
    Hər axşam əri gəlib onu işdən aparırdı. İlk dəfə onları görəndə aralarında soyuqluq olduğunu hiss etmişdim. Günayın gözlərində hər zaman kədər yatırdı. Heç xoşbəxt görünmürdü. Nə işimə qalıb, ər arvaddır, bir gün küsər bir gün barışar... 
  Bir dəfə iş çıxışı baş ofisə toplantıya getməliydim. Yolun kənarında onların maşınını gördüm. Sürəti azaltdım. Fikirləşdim ki, bəlkə maşınlarında bir problem var, ona görə dayanıblar. Bəlkə kömək edim. Maşınlarına yaxınlaşdıqca gözlərimə inanmadım. Əri Günayı maşının içində döyürdü. Qapı və şüşələr bağlı olsa da qadının çığırıqları taa yola qədər gəlirdi. Keçib getdim amma...
   Heç bilmirəm necə geri qayıtmışam Bir vaxt özümə gələndə Günayın ərini maşının kapotunun üstündə sərili gördüm.Ağzı burnun qanını bir birinə qatmışdım. Boğazı barmaqlarımın arasındaydı. Xırıldayırdı.
    O gündən Günay həkimi kampda görmədim. Fikirləşdim yəqın işdən cıxıb. Yerinə başqa kişi həkim gəlmişdi. O da buraya müvəqqəti təyin olunduğunu deyirdi.   
  Ondan çox nigaran qalmışdım. Görəsən niyə dalaşırdılar, məndən sonra nə baş verdi. Mənim onlara müdaxilə etməyimmi ərinimi əsəbləşdirib? Onu işdən çıxardıbmı,bilmirəm?! Qızlardan Günay həkimi soruşurdum. İşə gəlməmə səbəbini bilməsələr də ailə vəziyyəti haqqında yetərincə məlumat almışdım. 
  Günayın əri polis imiş. Həm də özbə öz əmisi oğludur. Məktəbi qurtaran kimi ailələrin istəyiylə evləniblər. Günay təhsilini ər evində davam etdirib. Əri dövlət işçısı olsa da, qanun saya salmayan qaba bir adam imiş. Deyilənə görə saxladığı da var imiş. Həddindən artıq qısqanc, Günaya gün verib işıq vermırmış. Əsas da qısqanclığından Günayı işləməyə qoymurmuş. Günay isə əzab əziyyətlə sevdiyi həkimlik peşəsinin diplomu əlində batmaması üçün inadına durmuşdu. İşləyirdi.
  Mən bu şirkətə gəlməmişdən neçə illər qabaq o bu şirkətdə həkim işləyirdi. İki - beşinci və yeddinci sinifdə oxuyan uşaqları var. Qadın ərinin işgəncələrindən qurtulmaq üçün dəfələrlə boşanmaq istəsə də ailələr buna qəti surətdə imtina ediblər.
   Bu hadisədən bir neçə gün sonra Müdür məni çağırıb qəti sürətdə tənbeh etdi. Ayıb söhbət idi. Mən evli başlı adam, artıq nəvəm də var. Mənə yaraşarmı ki, belə şeydə adım hallansın? Özümə görə sayılıb seçilən ailəsinə bağlı bir adamam. Hələ bu vaxta qədər ailəmin mənə  zərrə qədər şübhəsi olmayıb, nəinki incikliyi. İndi belə yüngül şeylər həm məni qıcıqlandırır, eyni zamanda da həvəsləndirirdı. 
   - Niyə olmasın? Əlbəttə bu evli qadın olmamalı, amma biriylə münasıbəti qurub həyatına rəng qatmaq pis olmaz - deyə şeytan qulağıma fısıldayırdı. Belə şey düşündükcə  elə bil gəncləşirdim. Qəribə  bir həvəs baş qaldırırdı ürəyimdə. " Lənət sənə kor  şeytan" dedikcə övladlarım, yoldaşım gözlərimin qarşısında canlanırdı. Axı bu vaxta qədər mən onlar üçün çalışmışam. Onların köləsi olmuşam. Özüm dostlarla çıxmamışam, gəzməmişəm, əylənməmişəm. Bütün həyatımı onlara xərcləmişəm. Xanımımı heç kimdən geri qoymamışam, uşaqlarımı utandıracak bir şey etməmişəm. Ev eşik təhsil... Bütün bunların qarşısında bir balaca həyəcan yaşamaq mənə ağır yükdür?  Mənim buna haqqım yoxdurmu? - deyə içimdəki şeytana etiraz etdiyim günlərdə olurdu  haqq verdiyim  günlər də. 
  Sən  saydığını say gör fələk nə sayır. Nə bilirdim ötəri bir istək deyərək  şeytana atdığım qığılcımla bir gün ürəyimdə eşq tonqalı qalanacaqdı. 
    Bir gün işdən evə gedərkən bir neçə maşın yolumu kəsdı. Günayın əri ilə bərabər bir neçə nəfər maşınımı əzib, məni yaxşıca əzişdirdilər. Əri mənimlə Günayın arasında bir şey olduğunu idea edir və nə olur olsun bu şirkətdən çıxmamı tələb edirdi. Dünya pul töküb bu şirkətə işə girmişdim, indi kimlərinsə boş sözüylə, olmayan bir münasibətə görə işimi əlimdən çıxaracağam? Dünya dərəbəylikdir bəyəm? 
   Təbii ki, işdən çıxmadım. Hiss edirdim ki, caterinq rəhbərliyinin də nəzarəti üstümdədir. Deyəsən yuxarıdan tapşırıq gəlmişdi, işdən çıxarmağa bəhanə axtarırdılar. 
   Yoldakı burunlaşmada maşınım babat əzilmişdi. Maşını ustaya vermışdım. Ailəmlə aramda şübhə yaranmasın deyə başıma qələn hadisəni, sadecə talehsiz qəza kimi qələmə verərək ötüşdürürdüm. Lakin qayınımla bu barədə ətraflı danışmışdım. O da polis idi. Bəlkə Günayın ərini tanıya, onunla danışıqlaragırə. Namiqi Günay və mənimlə bağlı axmaq fikirlərindən daşındıra deyə düşünürdüm. Sağolsun, qayınım məni anlayışla qarşıladı. 
    Maşınım təmirdəykən gözləmədiyim bir hadisə baş verdi. Üç polis məmuru iş yerimə gəlib məni polis şöbəsinə dəvət etdi. Maşınımda narkotik tapılıbmış. 
    Uzun sözün qısası... Uzun çək çevirdən, kalan borc xərcdən sonra təmizə çıxdım. İşə qayıdanda isə artıq işim də əlimdən getmişdi, işim üçün qoyduğum pullar da... 
   Nəhayyət uzun çəkişmədən, minnət məşvərətdən sonra təkrar işimə qaytarıldım. 
   Beləcə həyat davam edirdi. Həyat davam edirdi, amma,  daha mən əvvəlki mən deyildim. Başıma gələn haqsız suçlamalar qürurumu tərpətmişdi. Olmayan, ağlımın ucundan keçməyən şeylərlə üstümə atılan iftiralar beynimi pis fikirlərlə doldurmuşdu. Hansısa bir qadını şiddətdən qurtarmısam deyə, kiminsə manyak ərininin gic qısqançlığının uçbatından adıma gəlməyən şey qalmamışdı. İstəməyərək məni pisliyə sürükləmişdilər. Az qala "narkaman" olmuşdum, az qala yuvam yıxılacaqdı, işimdən olmuşdum. Mənə yaxılan qaralara görə az qala qızımın nişanı qaytarılmışdı (nişan qaytarılmadı, amma bu nişanı mən özüm pozdum, yaman gündə heç bir şeydə məni günahlandıran, qınayan qohum mənə lazım deyil heç !). İndi  mən bunları elə belə, heç nə olmamış kimi başınımı buraxacaqdım? Gözüm dönmüşdü. Bir saatlıq da olsa Günay mənim olmalıydı, mənim olmasa da, bunu əri belə hss etməliydi. Vəssalam... 
   Günlərin bir günü iş otağımın qapısı açıldı. Qarşımda ağ xalatlı qadını görüncə elə bildim göydən yerə cənnət mələyi enib. Günlərdən bəri içimdə düşündüklərim bir anda uçub dağılmışdı.Onun ərinə qarşı qustuğum kin indi məni silkələyirdi.
  - Özünə gəl Elşad, bu qadının nə günahı var. Davan var, kişiylə çək, qadını bu işə qarışdırmaq kişiliyə yaraşmayan şeydir.
   Etiraf edirəm ki,özüm özümü ittiham etsəm də gözlərimi qadının saçlarından, yanaqlarından, əti - əndamından cəkə bilmirdim. Aylardır bir yerdə işləməyimizə baxmayaraq bu qadının gözəlliyini həqiqətən indi sezirdim sanki.İçimdə adını qoya bilmədiyim bir duyğu baş qaldırmışdı ürəyimdə.Qəribə bir təsəvvür yaranmışdı məndə. Gözüm qadının əzalarında gəzdikcə haldan hala düşür, eyni zamanda da onu sevib əzizlənmək hissi keçirdi ürəyimdən.  Qəm yükü daşıyan çiyinlərindən tutub bir an onu bağrıma basmaq istəyirdim. Bilmirəm bu mənim ona olan acıma hissim idimi,  ehtirasmı idi, yoxsa əsl sevgi hisslərimi? Qarışıq duyğular yaşayırdım. 
   22 ildir ki, evliyəm.Görücü üsuluyla tanış olub evlənmişdik. Aramızda dəli divanə bir eşq yaşanmasa da aramızda ailə dəyərləri qanun idi. Xoşbəxt - sakit ailəmiz var idi. Böyük qızım 18 yaşında ailə qurmuş bir nəvəm var. İkinci qızım universitetin 1 ci kursunda oxuyur.  Həm də xanımın iş yoldaşının oğluna nişanlamışdıq. İki qızdan sonra oğlum çox çətinliklə dünyaya gəldi. Nələr nəzir qurban... Həyatımda hər şey yolundayken indi  bu yaşımda belə bir hadısədə - hansısa bir təsadüf ucbatından adımın hallanması həm mənə gülünc gəlirdi, həm də məni əsəbləşdirirdi. İndi Günayı qarşımda görüncə qəribə halım da məndə təcüüb doğururdu. Demək olar ki, onu görüncə özümü itirmişdim. Mən boyda sayılıb secılən kişi indi onun qarşısında uşaq kimi olmuşdum. Yerimdən sevincək atılıb onun qabağına qaçmışdım, stulu çəkib onu özüm stula oturtmuşdum. İndi də yadıma düşəndə elədiyim bu yüngüllükdən özüm də utanıram.
  Yoldaşının adına üzrxahlıq etməyə gəlmişdi...
  O gündən işdə məhəbbət məcaramız başladı. Əvvəl yaxşı söhbətdaş, sonra dost, daha sonra sevgili. Bütün münasibətlər də yasaq - qaçaq... 
   Qisasımı isə saxlamışdım kişi kişiyə...

   Ürəyi xəstəymiş, əməliyyat olunubmuş, 7 ildir ürəyi aparatla işləyir. Ona həyəcan, stres olmazmış. Bu da onda mümkün deyil. Stres onun həyatının bir hissəsidi.
   Hər dəfə onunla görüşdüb danışdıqca, onu tanıdıqca Namiqə qarşı daha da kin qusurdum. Günaya daha çox acıyırdım. Zavallı qadın bu dünyada çəkmədiyi əzab qalmayıb. Şiddət ailəsinin təməli, xəyanət və haram isə çörəyi olubmuş
  Ancaq belə həyatdan qurtuluşu yox idi. Boşanması qeyri mümkün olan bir şeydi. Əmi oğlundan ayrılmaq bir nəsilin düşmənciliyi deməkdir. İki qardaş və onların ailələri heç vaxt bu işə əl qoymazdı. Arada Günayın ölməsinə razı olardılar, amma bu evliliyi pozaraq düşmən olmağa yox. Onsuz da Günay çox yaşamayacaqdı. Onsuz da ürəyi xəstədi... 
    Bəli, Günay həyatını mənə danışdıqca mən ona daha çox bağlanırdım. Bu qadın ömründə bir gün də olsa xoşbəxt yaşamağa laiq idi bir gün, bir saat da olsa qadın kimi sevilməyə laiq idi. 
  Eşq pərisi başımıza gec yaşda qonmuşdu. Biz demək olar ki, bir birinin dərdindən ölən, divanə olan, bəlkə də ailəli olsaq da ömrümüzdə əsil sevgini bu vaxta qədər dadmayan, bəlkə də bu yaşımızda iki yaşlı aşıq olmuşduq. Bəlkə də həyatımızin ilk və gecikmiş məhəbbətini yaşayırdıq ikimiz də. 
Gizli görüşmələr, sevişmələr...
  Onu o qədər sevirdim ki, İnanırsız bəlkə də desəydilər sənin ürəyin onu əbədi yaşadacaq ,inanın ki ,ürəyimi ona bağışlayardım. Dünya bir yanaydı, o bir yana.
    İşdə bizi sezmışdılər.Bizim bu məcaramız mənim xanımın da qulağına çatmışdı, Namiqə də . Bu dedi-qodudan sonra Namiq  nə qədər çılğınlıq edib mənə düşmən kəsilsə də, mənim xanımım o qədər sakit və duyarsız davranırdı bu mövzuya. Özünü görməməzdən, eşitməməzdən gəlirdi. Həya edirdi. Nə bilim bəlkə də bu yaşda ayrılmağı, aradan pərdə qaldırmağı lüzumsuz bilirdi. Amma arada iynəli sözlər soxmaqla "ağıllı ol" mesajını da verə bilirdi. Amma ağıl məndən ixtiyarsız uçmışdu, nə gəzirdi ağıl...
   Məsələnin bu qədər şişəcəyin heç ağlıma da gətirməzdi. O  mənim yanımda xoşbəxt idi, mən onun yanında. O mənim qoynumda qadınlığını doya doya yaşadıqca, mən də sanki ehtirasın, sevginin zövqün səmalarında uçurdum. Həyatımda ilk dəfəydi belə qaçaq münasibət yaşayırdım. Bilmirəm bu bütün kişilərdəmi belədir yoxsa tək məndə - mən bu münasibətdən hədsiz zövq alırdım. Elə bilirdim bu vaxta qədər heç yaşamamışam. Bu zamana qədər elə bilirdim kişilik evlənib ailə - uşaq  qayğısı çəkmək, işlə qazan gətir, ev eşik düzəlt, uşaq oxut, qıza cehiz yığ, oğlana qızıl topla, geri yana pul atmaqdan ibarətdir. İndi başa düşürdüm ki, mən ailəm üçün yaşadıqca içimdə sevgi duyğularım üçün  dərin bir boşluq qazırmışam. 
   Mən Günayı tanıdıqdan sonra fikirləşirdim ki, yuxarıda yazdıqlarım həyatın anatomiyası, ömürün mizrabı imiş, qaçaq münasibət isə bəşəriyyətin rəng çalarlariymış. Qaçaq - yasaq olmayanda həyat ağ qara görünürmüş 
   İkimiz üçün də iş işdən keçmişdi, madəm ki, bu məsələ bu  qədər böyüyüb, həddini aşıb Günay da, mən də hər şeyə hazır olmalıyıq. Bəli qərarımızı vermişdik.Yeri gəlsə qaçacaqdıq...
     Son vaxtlar ürək getmələri başlamışdı. Heç özündə deyildi. Bu da məni qorxuzurdu.Ağlım başımdan çıxırdı. Fikirləşirdim ki, onsuz da ürəyi xəstədir. Mən bütün hər şeyi onun üçün yıxıb ona gedərəmsə, o da məni yarı yolda qoyarsa sabah uşaqlarımın üzünə necə baxaram?  Məhz belə şeyə görə çıxılmaz vəziyyətdə qalmışdım. O da bunu hiss edirdi. Məni özündən uzaqlaşdırmağa çalışsa da bacarmırdı. İkimiz də bacarmırdıq. Bəzən bir birimizə söz verirdik ki bir daha görüşməyəcəyik, aramızda ancaq iş, dost, iş münasibəti olacaq. Söz verirdik, indi gəl gör sözümüzü tuta bilirdikmi?  Uzaq başı 1 həftə sözümüzə ciddi riayyət edirdik, 8 ci gün  baxışlarımız oxundan çıxmış yay kimi sancılırdı bir birimizə, ürəyimiz bizə yox desə də baxışlarımız oynaşırdı, sevişirdi... 
    Günlərin bir günü yeməkxanın  həyətinə çıxanda təcili yardım maşınını sanitar binasının qarşısında gördüm. Özümdən asılı olmayaraq oraya götürüldüm. Sanitar kontineyrının qapısında onunla rastlaşdım. Xərəkdə idi. Huşsuz - halsız... 
   Elə bil dünya başıma yıxılmışdı. Sevdiyim dünyanı tərk edirdi deyəsən. 
   Təcili əməliyyata girəndə mən baş həkimin otağında həkimə yalvarırdım
  - Qurban olum həkim, onu ölməyə qoymayın. Nə lazımsa edərəm, lazım gəlsə ürəyimi ona verin təki o yaşasın.
  -Biz əlimizdən gələni edəcəyik. Narahat olmayın! 
    Ailəsi qohumları hamı xəstəxanadaydı. Bilirəm dəlilik edirdim, amma olsun. Mən hər şeyi gözə almışdım. Bu yolda ölmək var dönmək yoxdur. Bəlkə də son günlərini yaşayir. Mən onun yanında olmalıydım. Orda olmalıydım ama 45 yaşa yaraşmayan 19 yaşlı oğlanın etdiyi çılğınlığı edirdim. Məni orda görmək istəməyən ərinə də qardaşlarına da qarşı çıxmışdım.
   Hardansa qaynım da gəlib çıxmışdı. Mənim bu çılğınlığımı, bacısının üstünə gül qoxlamağımı qəbul etməsə, əsil dost kimi də məni başa düşməyə çalışırdı.
   - Başa düşmək istəyirəm səni Elşad, ay tövbə başa düşmək istəyirəm. Bilirəm ki, Emayla böyük məhəbbət yaşayıb evlənməmisən. Bir insan kimi, sən də eşq yaşamaq istərsən, nə bilim bəlkə əksər kişilər kimi sən də könül əyləndirmək istərsən...
  - Bu könül əyləndirmək deyil, sən məni başa düşmürsən. Axı biz uşaqlıq dostu olmuşuq, axı dərdimiz sərimiz bir olub, hisslərimizi duyğularımızı bölüşmüşük.
  - Bilirəm ay  Elşad, bilirəm. Düzdür dost olmuşuq, yenə də eləyik-sözsüz Amma unutma eyni zamanda da biz yeznə qayınıq. Ayıbdir, belə olmaz ee, qadan alım. Düz  gəlmir ee sənin gic sevgindən ötrü bacıla üz göz olum. Uşaqlardan ayıbdır ee, vallah bunu cavanlıqda eləsəydin deyərdim nəysə, amma bu yaşda- babasan ee baba... Belə hərəkətlər yaraşmır vallah sənə. Sabah sənin elədiklərini kürəkənin qızına eləsə necə olarsan? 
   Günahkarca başımı yerə dikmişdim. Haqlıydı. Mənim bacımın əri bacıma qarşı belə eləsəydi allah bilir indi nələr olmuşdu. Halal olsun qayınıma, pərdəni aradan qaldırmaq istəmir.
 - Yaxşı qardaşım, sən allah bağışla. Amma nolar bir dənə bu gün mənə icazə ver. Mən Günayı burda belə qoyub gedə bilmərəm. Bax söz verirəm qurtaracam, vallah qurtaracam... Özüm də əziyyət çəkrəm
  Arada fürsət tapıb palataya kecdim. Əməliyyata hazırlaşdırırdılar. Özünə gəlmişdi. Məni görən kimi gözləri güldü.
  - Günayım. Mənim günəşim! 
   - Niyə gəldin? Görməsinlər səni. 
  -Görsünlər. Mən qorxmuram. 
  - Elşad belə eləmə, qurban olum. Biz bir daha görüşməməliyik.
  -ÖL desən bundan yaxşıdır. Mən həyatımda görmədiyim şeyi səninlə yaşadım Günayım. Bu zamana qədər mənim yaşadığım və qəbul etdiyim ehtiyyac imiş, bu isə sevgidir... 
  Güldü. Qəm dolu baxışlarından şəfəq saçıldı. O gülüş məni məndən aldı. Bir neçə ay bundan əvvəlki bir qəza yadıma düşdü. İşdə əlimi bıçaq çox pis kəsmişdi.baş barmağımın sümüyü görünürdü hardasa. Təcili şantiyenin həkiminə apardılar məni. Qanım dayanmırdı. Tıkış vurmaq lazım idi. Günay təşviş içərisində, eyni zamanda həyəcanlı halda ilk müdahiləni edirdi. Əlimi sarıb boynundan yaylığını açıb boynuma bağladı, sonra da əlimi yaylıqdan asıb incə toxunuşla barmaqlarımın ucundan öpdü.
   Təcili yardımda məni xəstəxanaya gətirib tikiş qoyulanda da o başımın üstündəydi. Məni təsəlli edirdi.
Onun təşvişi mənə qəribə gəlirdi. Onu qorxuzmamaq üçün gülürdüm. 
- İşdir, həkim-dedim- çox qan gedir. Ölüb eləsəm ürəyimi Günay həkimə bağışlayın.
   Əlimə tikiş goyan çərrahın çaşqın baxışına çavab üçün :
   - Bilirsiz həkim, Günay xanımın ürəyi aparatla işləyir. Mənim ürəyimi ona verin. Qoyun ürəyim onda yaşasın. Ürəyim onda olsunki ruhum da  ona qaçsın...
   - Wooo məhəbbətin pik nöqtəsi budurmu görəsən? - Həkim ikimizi də təbrik etmişdi... 
   Beləcə nə az, nə çox düz 3 il gizli sevgili həyatı yaşadıq. Bu aralar məni başqa yerə təyin etdilər. Başqa başqa yerlərdə işləsək də yenə gizlincə görüşürdük. Qayınıma söz vermışdım ama, sözümü tuta bilmirdim. Yalan danışmağa məcbur olmuşdum.  Qayınıma and aman edib onunla görüşmədiyimi desəm də qayınım buna inanmamışdı. Hətta bir dəfə ikimizi bir evdə basıb üzümə tüpürüb getmişdi. Neyləsin, bacısını da çəkib apara bilmirdi. Emma uşaq deyildiki, bacısına sahib çıxıb boşatdıra. Görünür o eldən ar edirdi, mən yox.
   Gözüm Günaydan başqa heç kimi görmürdü. O mənim həyatımın bir parçası idi. Uşaqlarım da artıq bu münasibətin keçici bir həvəs olmadığını görürdülər, onun ailəsi də. İkimiz də ailələrimizə xəyanət etmişdik, dəfələrlə. Bunu ikimiz də özümüzə bağışlaya bilmirdik, amma bir birimizdən də qopa bilmirdik. Qaradan tünd rəng yox idi. Biz hər şeyi gözə almışdıq artıq.
   Taa o vaxta qədər ki, qızım məni qarşısına qoydu uşaq kimi danladı.
  - Bizdən utan, kürəkənidən utan ata. Ayıbdiye. Sabah kürəkəni deyəcək atan bu yaşda eşqə düşüb mən niyə eşq yaşamayım? Mənə yazığın gəlmir? Mənim isti yuvama niyə su çiləyirsən. Ağsaqqal adamsan ee bu yaraşar sənə? Oğlun, kürəkəni səndən nə dərs götürəcək. Bəsdir də. Özümüzü korluğa karlığa göymuşuq, abırımıza qısılmışıq, amma sən... 
  Elə bil yatmışdım yuxudan ayıldım. Özüm etdiklərimdən özüm utandım. Elə bir utandım ki, 22 illik xanımımın üzünə də baxmağa cəsarətim  qalmamışdı. Bu utancdan qurtulmaq üçün, bu sevdanı başımdan çıxarmaq üçün getməliyəm dedim. Mən bu utançla burda qalsam heç nəyi yoluna qoya bilməyəcəm.
Qərarımı vermışdım. Uşaqlarımdan ayrılmaq məni o qədər üzməsə də Günaydın ayrılmaq dəhşət idi. Çox keçmədi ki, svi qoyduğum bir firmadan müsbət cavab gəldi. Türk firmalarının birindən Afrikaya iş təklifi aldım. 
  İlahi, ondan ayrılmaq bir başqa səhnəydi. Yaxşısı budur heç bu səhnəni yazmayım...
    Artıq 10 ildir Afrikada yaşayıram. Arada vətənə gəlirdim. İkinci qızımın toyunu etdim. Oğluma nişan taxdım. Anamın qardaşımın hüzürüna gəldim. Hər gəlişimdə  uzaqdan gedib onu görürdüm, saçlarına dən düşmüşdü, göz ətrafı qırışlarla dolmuşdu. Bənizi saralmış, rəng rufundan xəstəliyi daha da ağırlaşdığını hiss edirdim.
   Bəli, yaş işini görüb deyəsən, kökəlib, yaşlanıb. Elə mən də 50 - ni çoxdan keçmişdim. Hardasa 60 - haqlayacam. Olsun o mənim gözümdə mənim günəşim kimi qalacaq.
  Axırıncı dəfə  karantindən sonra yollar açılanda gəldim. Oğluma nişan taxmağa gəlirdim. Gəlmişkən onu da görüm dedim. Lakin iş yerimiz ordan köçürülmüşdü. Evinə getdim. Daha orda qalmırdılar. Suraxanıda ev tikiblər iş, ora köçüblər. Axtarıb köhnə tanışların birindən nömrəsini tapdım. Əvvəl mesaj yazdım. Uyğun olursa danışaq dedim. Cavab gəlmədi. Lakın aradan 10 dəqiqə keçdi, görüntülü zəng etdi. Bir parkdan danışırdı. İkimizi də qəhər boğmuşdu. Heç danışa bilmədik ki. Boğula boğula : 
   - Elşad, səni heç unutmadım, heç vaxt da peşiman olmadım. Elə bilmə ki, bizim bu sevgimiz bir külək idi əsdi keçdi. Yox! Bu sevgi mənimlə məzar evinə qədər gedəcək-Dedi və halsızlaşdı. Telefonu söndü. O gündən bir daha mən onunla əlaqə saxlaya bilmədim. Deyəsən nömrəsini dəyişmişdi. Çünki Afrikada da zəng edirdim nömrə aktiv deyildi. 
   İndi gələn vətənə qayıtmalıydım  Axtarıb internet səhvəsini tapmışam. Yazdım ona. Əvvəl cavab vermədi. Əngəllədi  Sonra  bir neçə ay sonra yenə dayana bilməyib özü yazdı. Xəstəxanadaymış yenə əməliyyat olub. Məni təsəlli etsə də, danışığından hiss erirdim ki vəziyyəti yaxşı deyıl. Bu dəfə həkimlər əlini üzüb. 
- Gəlim  görüşək - dedim. 
  - Yox olmaz. 
- Səni başa düşürəm ama... 
  - Elşad, yenə iradəmi irəcəyimdən qorxuram. 
   - Başa düşürəm əzizim. Sən necə istəyirsən. Təki sən xoşbəxt olasan. 
  - o xoşbəxtlik məndən gedib...
   - Elə demə əzizim...
   - Onsuz da  yuxularıma gəlirsən, bu mənə bəsdir. 
  - Canım mənim... Şirin dillim... 
- Yadına gəlir? Əlini kəsmişdin, həkimə dedin ölsəm ürəyimi ona verin. Ürəyim onda olursa ruhum da ona qaçar
   - Mənim ürəyim səndədir Günəşim. Səndə olmasa 10 il sonra ruhum sənə can artarmı? 
  - Qurban olum daha yazma. Dayana bilmirəm... 
  - Günay... 
   -... 
       Vətənə  gələndə ilk işim onu tapmaq olacaq. Son günlərində onun  yanında olacam, əlini tutacam. Onunla keçirdiyim heç bir şeyə peşiman deyiləm. Bir daha dünyaya gəlsəydi yenə onu seçərdim. Peşiman olduğum tək bir şey var. Mən onu atmamlıydım, kim nə deyir desin onu da götürüb buralardan getməliydim. Bizi qınamayın. Nə edək ki, bizim taleyimizdə gecikmiş məhəbbəti nakam yaşamaq varmış.
  Böyük ümüdlərlə Bakıya döndüm, oğlumun nişanından sonra onu axtarmağa qərar verdim. Axtarıb ən son işlədiyi yeri tapmışdım. Bəli getdim, ama iş yerinə çathaçatda qayınım maşınıyla yolumu kəsdi :
  - Sür arxamca...
   Taa Suraxanı məzarlığına qədər gəldik.
  - En aşağı, sənə desəydim o yoxdur, inanmayacaqdın. Gəl özün gör...
   Yeni, üstünə qırmızı ipək parça salınmış bir məzarın önünə gəldik  məzarın baş daşını əvəz eliyən kubikin üstünə əlim kəsilərkən boynundan açıb qolumu boynumdan asdığı həmin yaylıq bağlanmışdı.
   Baş daşının yanında çöküb yaylığa toxundum sonra da öpdüm. Hələ də onun qoxusu o yaylıqdan getmənişdi. Burda nə qədər oturduğumu bilmirəm. Qayınımın əli çiynimə toxunanda ehmalca yaylığı başdaşından açıb ayağa qalxdım...

_____son___

FƏRİDƏ NİKBİN

4.12.2021

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...