SEVGİYƏ TUŞ GƏLƏN QAFİYƏLƏR
Keçid dövründə hər bir yeniyetmənin başına gələn adi hal idi bu hal. Nüsrət məktəbə təyin olunan gənc və gözəl müəlliməsinə aşiq olmuşdu. Məhz məktəbə o müəllimin eşqinə gedir, dərslərini onun üçün hazırlayırdı. O fikirləşirdi ki, savadlı müəllim ancaq savadlı uşağı sevər. Gənc müəllimənin qəlbini ancaq onun dərin sevgisi və savadı qazana bilərdi.
İlk günlər içində gizli gizli qovrulan Nüsrətin sevgisi ilham pərilərini də dilə gətirmişdi. İlk dəfə ilk və əlcatmaz sevgisinə şerlər qoşur, şerlərdən özü də təsirlənib onları sinif yoldaşlarına oxuyurdu. Nüsrətin imkansız və mümkünsüz xəyallarını ələ salan uşaqlar onun yazdığı şerləri sevə sevə oxuyur, xatirə dəftərlərinə köçürdürdülər. Şerlər məktəbdə əldən ələ, dildən dilə dolaşırdı. Hətta müəlliməni görəndə uşaqlar Nüsrətin şerlərini ucadan oxuyaraq "Nüsrəti dərdə salıbdır xumar gözlərin"- deyərək pıqqıldaşıb gülüşürdülər. Məktəbə yeni təyin olunmuş gənc və gözəl müəlliməni müəllimlər otağında digər müəllimlər də ələ salmağa başlamışdı.
Gənc müəllimə bu söz söhbəti necə yığışdıracağını bilmirdi. Əlində olsaydı iş yerini dəyişib təyinatını başqa şəhərə ya da məktəbə alardı. Amma o dövr üçün bu mümkün deyildi. Həm bəlkə getdiyi yeni bir məktəbdə Nüsrət kimi duyğularını ələ verən bir şagirdə rast gəlsəydi? Yox qaçmaq çarə deyil. Bir pedaqoq kimi bu məsələylə mübarizə aparmalıydı. Müəllim kimi dərs dediyi şagirdi tərbiyələndirməliydi. Bax məsələ də bunda idi. Axı necə?
Bu məsələ üstündə çox götür qoy eləyirdi, çox düşünürdü. Ürək qızdırdığı müəllimə yoldaşlarından, illərlə təcrübəsi olan müəllim yoldaşlarından dəstək və kömək istəyirdi. Lakın hamı eyni sözü deyirdi. " valideyinini çağırıb tənbeh eləməliyik", "yaxşıca qulağını çəkib dərs vermək lazımdır", " Fikir vermə ay, qız, uşaqdır olur belə şeylər..."
Günü gündən böyüyən söz söhbət gənc müəllimənin əsəblərinə toxunurdu artıq, iş o yerə qalmışdı ki, Nüsrət və onun sinif yoldaşlarını görməmək üçün yüz bəhanələrlə ya sinifini dəyişirdi, ya da dərsə girmirdi. Amma bu nə vaxta qədər davam edəcəkdi ki? Nəinki sinif, bütün məktəb onun ünvanına yazılmış şerlərlə çalxalanır. Nə yolla olur olsun bunun qarşısını almalı idi.
Gecə gündüz bu barədə başını çatlatsa da bir çıxış yolu tapmırdı. Nə edə bilərdi ki? Nüsrət özü ona bir söz demirdi ki, bu məsələni onunla danışıb birdəfəmlik həll eləsin. Bəli, bu uşağın istedadı ola bilər, şerlər yaza bilər, buna söz yox. Bəs birdən birə Nüsrətin qarşısına çıxıb onu danlasa, belə şerlər yazmağı ona qadağa qoysa? Belə qadağalarla o, bu uşağın istedadının üstünə kölgə salmazmı? Bəlkə heç o şerlər onun ünvanına yazılmayıb. Bəlkə təsadüfən və bedahətən yazılan şerlərdi? Ad da, təsvir də illtifat da, vəsf də tam təsadüfdür. İndi durub Nüstətə bir şey desə, Nüsrət də ona cavab qayratarsa ki, "ay müəllim bu şerləri mən özüm üçün yazmışam, sənə heç bir aidiyyatı yoxdur"-desə, bəs onda? Pərt olub pis vəziyyətə düşməzmi? Bu dəfə də uşaqların ağzına belə düşməyəcəkmi?
Məktəbdə dolaşan dedi qodu direktorun da qulağına çatmışdı. Hər zaman məktəbinin savadılı və istedadlı uşaqları ilə qürrələnən direktor indi bu adı söhbətlərlə başını ağrıtmaq istəmirdi. Odur ki, məsələyə aydınlıq gətirmək üçün direktor ilk əvvəl müəlliməni kabinetinə çağırıb onunla danışdı. Vəziyyətdən utanc duyan gənc müəllimə direktora nə cavab verəcəyini bilmirdi. Diroktor müəlliməni danlayaraq nə olur olsun müəllimədən bu əxlaqsızılığa son verməsini tələb edir:
- Mən nə edə bilərəm ki, müəllim. Axı Nüsrət şəxsən mənə heç nə demir, üz üzə gələndə belə uzümə baxmaqdan utanır. Belə başa düşürəm ki, bu uşaqlar ardasında yayılmış dedi-qodu və şaiədir.
- İndi Nüsrəti və valideyinlərini də çağıracam. Ya bu işlə ciddi məşğul olsunlar, ya da belə davam edersə onu məktəbdən qovacam .
Gənc müəllimə başın aşağı salıb direktordan üzür istəyərək deyir :
- Yoldaş direktor, icazə verin bu işlə özüm məşğul olum. Özünüz bilirsiz ki Nüsrət necə çalışqan uşaqdır. Bəlkə mən Allah tərəfindən ona bəxş olunan bir payam ki, Nüsrətin bu istedadını üzə çıxmasına səbəb olmuşam?
Diroktor çaşqın çaşqın müəlliməyə baxıb gülərək əlini havada yellədi. Gənc müəllimə buna fikir verməyib davam etdi.
- Bu istedad ki, Nüsrətə sevgiylə gəlib, mütləq o Azərbaycanın böyük sevgi şairi olacaqdır.
- O qədər də yox day...
- Mən buna inanıram müəllim...
Günlərin bir günü dərsdən sonra müəllimə Nüsrəti sinfdə saxlayır. Başını önündəki kağızlardan ayırmadan çox ciddi şəkildə sözə başlayır:
- Eşitmişəm, mənim ünvanıma gözəl şerlər yazmısan?
Bayaqdan gözlərini müəllimdən çəkə bilməyən Nüsrət müəlliməsinin bu ciddiyyətinin qarşısında xəcalət çəkir, başını aşağı salır, ixtiyarsız halda barmaqlarını oynadır. Sanki, ağır imtahan qarşısındaydı. Biletinə düşən və aylarla dillərdə dolaşan "eşq" sualının hesabatını verməliydi.
Müəllimə masanın üstündəki kağızlara baxaraq birini qaldırıb Nüsrətin gözünün önünə tutdu.
- Bax məsələn bu... Hətta adımı da çəkmisən. Oxudum. Çox bəyəndim. Bir müəliməyə belə sevgiylə yanaşmağın qürur vericidir...
- Müəllim...
- Şerdə müəlliməni sevdiyini deyirsən...
- Sevirəm... - Nüsrət çarəsiz və pıçıltiya bənzər səslə başını aşağı dikdi.
-Çox sağol, Nüsrət! Bir müəllim kimi, bir pedaqoq kimi mən bu sevgini qazanmışamsa çox xoşbəxtəm. Mən də səni, o cümlədən bütün dərs dediyim bütün uşaqları sevirəm. Amma bax unutma, səni bir ayrıca sevirəm.Bunun səbəbi... - Masanın üstündəki kağızları havada yelllədi - sənin qeyri adi istedadındir. Heç kəsin çəsarət edə bilmədiyi bir şeyi ki, sən cəsarət edib kağızlara tökmüsənsə, vallah halaldır sənə. Bacarıqlı, istedadlı, qeyri adi və çalışqan uşaq olduğunu gəldiyim gündən hiss etmişdim. Bunu yazdığın şerlərlə sübut elədin. Gözəl şerlərdir, təsirlidir, oxunaqlıdır. Afərin, alqışlayıram. Amma bəzi səhvlər var hecada, qafiyyədə. Bir balaca əl gəzdirməklə bunları da aradan qaldırmaq olar.
Nüsrət çaşqın çaşqın ona baxırdı. O aylarla eşqındən divanə olduğu müəllimədən eşq etirafı gözləryirdi, indi bu nə danışır, nədən danışır?
Müəllimə özünü o yerə qoymayıb əlindəki kağızdan bir misra şeri oxudu. Şerə ara verdi. Şerdə yazılan kəlmələrdən təsirlənməmək əldə deyildi. Lakin özünü toplayıb barmağını yazının üstünə oydu "sevirəm səni" kəlməsini təkrarlayıb başını qaldırdı. Tam ciddi bir şəkildə davam etdi.
- Mən də səni sevirəm Nüsrət. Sənin kimi şagirdi kim sevməz ki? Müəllim də sevər, uşaqlar da sevər. Heç fikirləşirsənmi ki, sənin nə qədər heyranın var? Səni sevməsəydilər bu gün sənin şerlərin əldən ələ dolaşmazdı. Səni sevməsəydilər, şerlərin xatırə dəftərlərində yer almazdı. Səni sevməsəydilər məktəbin direktoru məni kabınetinə çağırıb, "Nüsrət istedadlı uşaqdır, onu irəli çəkək, gəl ona təkan verək, irəli atlansın" deməzdi. Nüsrət, mən sənə güvənirəm, əziz şagirdim! Bunu direktora da söylədim. Dedim, icazə ver, Nüsrətlə özüm məşğul olum.
Biraz ara verdi. Hər şey planladığı kimi gedirdi. Deyəsən ciddiyyətiylə Nüsrəti doğru yolun cığırına salmışdı. Dərindən nəfəs alıb qətiyyətlə ayağa durdu. Nüsrətlə üz üzə dayanıb onun gözlərinin içinə baxdı. Məsum sevgi dolu gözlərdə bir ümüdsizlik parlayırdı.
- İnanıram ki, vaxt gələcək, səni nəinki mən, nəinki sinif yoldaşların, bu məktəb, bu müəllimlər, bu rayon... Bütün Azərbaycan sevəcək.
- Müəllimm...
Nüsrət gözlərini çarəsiz və üzgün halda müəlliməsinə zillədi. Müəllimə əlindəki yazılı kağızı ona uzadıb tam ciddi şəkildə:
- Al bunları... Deməli, belə edirik, bu gündən etibatrən, daha çox çalışacağıq. Sən şerlərini yazacaqsan, tək məni yox, kimi istəyirsən vəsf edəcəksən. Amma bunu ilk mən oxuyacam, səhvləri, hecaları qafiyələri bərabər düzəldəcəyik... Razılaşdıq?
- Yaxşı müəllim...
İllər keçdi, bu gün o, sevdiyi müəlliməsinin dediyi kimi sevildi, heyranlıqla dinlənildi, sevərək oxundu. Bəyənilərək paylaşıldı. Bəli bu həmin Nüsrət Kəsəmənlidir ki, özü dünyada olmasa da hələ də şerləri dildən dilə dolaşır, şerlərinə mahnılar qoşulur.
Allah dəyərli şairimizə rəhmət etsin.
Feride Acarakçay.
1/08/2022
Saat 14.40
Rize Güneyce. Türkiyə
Hiç yorum yok:
Yorum Gönder