Cavidi yola saldıqdan sonra Vüsalla tanımadığı Yevlax sakininin maşınına oturdular. Hara getdiklərini bilmirdilər. Kişi hey cəbhədəki uğurlarımızdan danışır, əsgərlərimizlə fəxr edirir, ermənilərin ünvanına nif-nalə tökürdü. Arada bir Vüsala nəsə suallar verir, nəsə cavab almaq istəyirdi. Təbii ki, Vüsal onun suallarının cavabını məharətlə başqa səmtə çəkərək verirdi. Qadınlığıyla Aynur da bunu başa düşürdü ki, hərbi sirr heç bir yerdə açılmaz.
10 - 15 dəqiqəlik məsafədən sonra bir kənd məhəlləsinə girdilər. Evləri də elə kəndin girişində idi. Sürücü bir iki dəfə maşının siqnalını verdikdən sonra qarşısında dayandıqları böyük mavi darvazalar tay ba tay açıldı, maşın içəri daxıl oldu. Maşından düşərkən onları əvvəl 16- 17 yaşlarında bır oğlan, sonra da bir qadın salamladı. Xoş beşdən sonra içəri keçdilər.
Faiqin ailəsi böyük ailə idi, yaşlı anası və atası, xanımı, 4 uşağı ilə bu alçaq köhnə və kasıb evdə bərabər yaşayırdı. Bayaq onları qarşılayan oğlu evin böyük oğluydu. Yaşı kiçık olmasına baxmayaraq ağıryana hərəkətləri onu yaşından çox böyük göstərirdi. Vüsal ondan çox böyük olmasına baxmayaraq, Vüsalla həmyaşıd kimi söhbət edib, danışırdı. Aynurun başı Nəzirə xalayla söhbətə qarışmışkən bir gözü də evin gəlini Nüşabədə idi. Maşallah, qoçaq gəlinə oxşayırdı. Gec saat olmasına baxmayaraq tez bazar iki çolpa kəsdirib əla ayaq elədi, biraz sonra "dopu" qazın üstündə bişən çığırtmanın qoxusu Aynurun gözlərinə işıq gətirdi. Səhərdən bəri acdığını yalnız indi başa düşürdü. Burazdan Faiqın xanımı qızları ilə gözəl bir süfrə açdı.
Faiqın qızı ananın diqqətini özünə cəlb etmişdi. Qızın bir gözü oğlundaydı. Qızın Vüsaldan xoşlandığı ananın gözündən qaçmamışdı. Bunu qızın utancaq nəzərləriylə Vüsalı süzməsindən, Vüsalın diqqətini özünə çəlb etmək üçün cay falan verməklə qəsdən onun qoluna toxunmasını görməmək mümkün deyildi. Bu Aynuru qururlandırırdı. Hətta ürəyindən də keçirdi ki, müharibə qurtarsın, bu gözəl ailəylə dostluqları davam etsin, əgər, Vüsalın Aytacla ulduzu barışmasa, elə bu qızı oğlu üçün istəsin, alsın. Bir ana kimi qız ürəyinə yaman yatmışdı.
Yeyib içdikdən sonra içəri otaqda ana ilə balaya yer açdılar.
Vüsalla Aynurun yatağı ayrı salınsa da Vüsal öz yerinə girmədi. Yorğanı qaldırııb uşaq şıltaqlığıyla anasınin qucağına atıldı. Elə bil ki, Aynur bunu gözləyirdi.Cəkdiyi İllərin sitəmi, ağrı acısı, dərdi bəlası gözlərinin önündən gəlib kecdı. Gözlərinin yaşı sel olub başını qolunun üstünə qoymuş oğsunun saçlarını islatdı.
- Anan boyuna qurban
- Ey, ana, bəsdir də, niyə ağlayırsan?
- Anan qurban, ölürəm fikirini çəkməkdən. Sənə bir şey olarsa mən neyləyərəm?
- Nə çəkirsən fikirimi, uşağam mən? Nə olacaqsa olacaq, neyləyəcəyik. Alnımıza nə yazılıbsa onu da görəcəyik. Allahla Allahlıq etmiyəcəyik ki...
- Nə bilim ay bala, müharıbədir, o qədər arzularım var ki, toyunu edəcəm, gəlin gətirəcəm, evimizi tikəcəyik, müharibə xəbəri adamı həyatdan soyudur, ay balam. Adamın ağlına hər şey gəlir-Aynur içını çəkdi-Allah dağını ürəyimə çəkdirməsin ay bala, bu qədər illəri hər zülümə qatlanıb sənin üçün yaşamışam, rəbbim möhlət versin, xeyrini görüm.
- Görürsən də ay ana, sənin oğlun əsgərdir, bundan sonra nə olavağını bilmirəm. Amma bu vaxta kimi sənin oğlun 5 kəndi düşməndən təmizləyib. 5 kənddə sənin də oğlunun qanı axıb ee- deyə Vüsal gülərək anasının eynin açmaq istədi.
- Ehhh...
- Bu qədər şəhid var, yaralı gəlir, onların anası ana deyil? Bəs bu analar neyləyir? Onların uşaqları uşaq deyil?
- Məni öldürmək istəyirsən Vüsal? Niyə belə danışırsan? Allah uzaq eləsin, dərdini mənə göstərməsin.
- Ana, bu dərd deyil ee. Heç bilirsən orda, o döyüşə girəndə biz nə hiss edirik, nə düşünürük? Biz cənnəti gözümüzün qarşısına gətiririrk. Biz döyüşə girəndə geri baxıb ana, bacı, sevgilimizə baxmırıq. Bizim üçün, ana da, bacı da, sevgili də vətəndir.
- Yəni vətəni bizdən çox istəyirsiz? Vətən torpaqdır, amma biz insanıq, acı çəkirik, dərd çəkirik..
- Vətən olmasa biz heç kimik, ana!
- Bəs Aytac? Mənə elə gəlir Aytac olmasa sən... Sən Aytac üçün...
- Aytac da vətəndən başlayır ana. Birdə xahiş edirəm , vətən sevgisiylə, digər sevgıləri qarışıq salma. Heç bir sevgi üçün heç bir insan ölmür amma vətən sevgisi üçün, həm öldürür, həm ölür.
Başını qaldırıb anasını süzdü. Onu təsəlli etmək istəyirdi.
- Ana, bilirsən, necə başa salım ee? Vətən də bizi sevir, vətən unsanlar kimi vəfasız deyil. Bax 23 yaşım var, heç Qarabağı görməmişəm, orayla heç bir bağım yoxdur. Amma uzaqdan o dağlara baxanda sanki, uzaqdan o yerlər bizə qolların açır, gəlin, bizi qucaqlayın, sevin deyir.
- Eh sən Allah...
- 30 il keçıb ee aradan o işğaldan qurtardığımız kənd sanki gəlişimizə sevinirdi. Amma insanlar belə deyil. Beş altı aydır şəhərdən uzaqlaşmışam, nə arayan var, nə soran, nə tanışlar, nə dostlar. Elə bil sevdiyim də məndən uzaqlaşıb...
- Elə demə, Vüsalım, axı Aytac neyləsin əsgərlikdəsən. O səni çox istəyir. Ailəsindən asılıdır, nişanlı deyilsən, sözlüsü deyilsən. Yazıq qız neyləsin ee?
- Ana, mən uşaq deyiləm, bir şeylər hiss edirəm, Aytac əvvəlki Aytac deyil!
Əslındə Aynur söhbət açılmışkən Vüsalla Aytac barədə danışmaq istəyirdi. Ailəsinin Aytacı başqasına nışanladıqlarını, lakin Aytacın hələ də onu sevdiyini, əsgərlikdən gələn kimi ona qaçacağını demək istəyirdi. Lakin tərəddüd edirdi. Birdən bu xəbər Vüsala pis təsir edər. Müharıbədədir, fikiri qarışar, diqqəti yayınar, əcgərliyini buraxar, gəlib qızı qaçırar, sonra başını bəlaya soxar, Vüsal tutular...ağlına pis pis fikirlər gəlirdi.
- Ana həmişə Aytaca zəng edirdim, telefon zəng etməmiş tezcənək açırdı, sankı zəngimi gözləyirdi. Səmimi, sevincək, gözəl danışırdı.
- Yenə heylədir oğlum...
- Yox, İndi zəng edirəm cavab gecikir, "bir dəqiqə gözlə" deyib keçir başqa otağa. Sankı kimnənsə gizlənir, məndən qaçır. Atacı tanıya bilmirəm, ana. Mən qəzaya düşəndə sabaha qədər xəstəxanada başımın üstündə qalan qız deyil bu?
Aynurun fikiri bur neçə il bundan qabaq baş verən üzücu bir günə üçdü. Bir qudurğan məmur uşağının fironluğu nəticəsində Vüsalın "Yorğun yolları" maşının altında qalmışdı. Satdığı bütün hər şey dağılıb məhv olmuşdu. Vüsal arabasının acığını məmur uşağından yumuruqla çıxmışdı, ağız burnunun qanını bir birinə qatmışdı. Vüsala gücü çatmayan məmur uşağı, bir neçə saatdan sonra başının dəstəsiylə bazara gələrək Vüsalı axtarıb tapır. Dostlarıyla Vüsalı pıs günə salırlar. Bundan ürəyi soymayan harınlamış oğlan atasının varına güvənərək maşını düz Vüsalın üstünə sürmüşdü. Vüsal yaralanıb xəstəxanalıq olmuşdu. Hələ o vaxt Aytacla bir birlərini təzəcə sevirdilər...
- Yadına düşür ana, o vaxt atası mənim yanımda qaldığı üçün Aytacı necə döymüşdü? Hələ bir ay da qızı ev dustağı eləmişdilər. Nə illah etsələr də nə kasıblığım, nə yazıqlığım Aytacı məndən döndərə bilməmişdin. İndimi mənim bir düşmən gülləsindən yaralandığımı eşidib Aytac yanıma gəlmədi. Halbuki, mən bu gün onu burda gözləyirdim, səninlə bərabər. O səni tək qoymamalıydı. Axı o mənim ömürgün yoldaşım olacaq! Bərabər gəlməliydiz. Sabah nə olacağım bəlli deyil, bəlkə o güllə bu dəfə qoluma, qıçıma yox, ürəyimə dəydi...
- Hiii... Allah qorusun, dəlisən sən? Bu nə danışıqdı. Məni öldürmək istəyirsən, Vüsal ?Mənim səndən başqa kimim var ay oğul, nə ölümdən danışırsan, ay bala? Deyəsən mövzu tapmırsan danışmağa? Ailəmmi var, qardaşım bacımmı var? Səndən başqa kimim var mənim? Sənə bir şey olsa...
Aynur həyəcanla yatağının içındə oturaraq hönkürüb ağladı. Vüsal başını anasının dizinə qoyub anasının əlindən tutdu. Əllərini dodaqlarına yaxınlaşdırdi, öpdü.
- Ağlama ana, müharıbədir, hər şey ola bilər, hazır olmalıyıq hər şeyə. Mənim də səndən başqa heç kimi yoxdur deyə fikirləşirdim. Amma var... Vətən... Sən də oğlumdan başqa heç kəsim yoxdur deyə fikirləşırsən. Amma inan mənə var, ay ana, var... Bütün Azərbaycan... Bax vallah sabah mən igidliklə şəhid olum, gör məni neçə ana ağlayacaq, gör mən neçə oğulun, kişinin çiynində gedəcəm. Gör sənə neçə qadın ana, bacı olacaq, sənə neçə qadın dil verib, məni ağlayacaq. Bax məndən sonra onlar olacaq sənin anan, atan, ailən, oğlanların. Mənim üstümdə solan qələnfillər sənin qızların, gəlinlərin olacaq ..
- Sus, sus oğlum, sus...
- Ana bir xahışim var.
- Yenə nə sayaqlayırsan? Öy ölək, səhər tezdən duracağıq.
- Qoy bunu da deyim...
- Öldürmək istəyirsən məni Təyziqım qalxdı artıq...
- Yadındadır, o bazarın yanındakı çiçək dükanından sənə oğurlayıb gətirdiyim güllər?
Aynur gözlərinin yaşını silib xatirələr arasındaki təbəssümlə oğluna baxıb başını yellədi.
- Sən də məni çiçəksiz qoyma ana!!!
Səhər yuxudan qalxanda özünü saxlaya bilməyib qəhqəhə çəkdi Aynur.
- Bu nə yatışdı ay allah saxlamış..
Vüsal hələ də anasının qoynundan başını çıxartmamışdı, gecədən eləcə yatırdı.
Gecə Vüsal yatanda anasından xahiş etmişdi ki, icazə versin başını onun döşlərinin arasına qoymağa, balaca vaxtı Vüsal anasının köksünü qoxlamadan yuxuya getməzdı. İndi yekə kişi olub, hələ də anasının qoxusuyla yatmaq istəyirdi. Aynur həm gülümsəyir, həm də ağlayaraq Allaha dua edirdi:
- Allah, balamı mənə çox görmə ya rəbbim...
Səhər yeməyindən sonra həyətə düşəndə Aynur gözlərinə inanmadı, bütün kənd Faiqin evinə axışmışdı. Əlində torbalarda kartof soğan, bağçasından mer- meyvə gətirən kim, təndirində sabahın korunda çörək bişirib isti çörək gətirən kim, həyətindən toyuq çüçə tutub ayağını iplə bağlayan, yayda qışlıq hazırladığı tutmasını balonlarla gətirən, bişirdiyi mürəbbələri təmiz parçalara bükənlər, bidonlarla şorundan, pendirindən qoyan kim... Faiqin maşını ağzınacan tıxcanmışdı. Vüsal o yana dursun Aynurun ürəyi qürurla çırpınırdı. xalqının bu qədər vətənpərvər və mərd oduğunu ağlına gətirməzdı. Xalq, əsgərə mənəvi dəstək verirdi.
- Görürsən ana, gör əsgərinin nə qədər, qohum əqrabas, dostu tanışı var? Möhkəm ol, sən tək deyilsən, Bütün Azərbaycan bizim əzizimizdir - deyib qürurla anasının çıynini qucaqladı.
Faiqlə bərabər Vüsalı hərbi hissəyə qoydular, halallaşıb, görüşüb geri döndülər. Faiq özü Aynuru Bakı avtobusuna qoyub yola saldı. Hələ yolpulunu da verdi.
Evə girəndə içki, siqaret və kirli qabların qoxuundan ürəyi ağzına gəldi. Əri həmişəki kimi ortalığa qoyulmuş masanın arxasındakı dıvanda yatırdı. Daha nə deyinməyə, nə də iş görməyə halı yox idi. İki günün yorğunluğu və həyəcanı gözlərinin qapaqlarını yumurdu.
Odur ki, özünü hamama atıb isti bir duş aldı. Hamamdan çıxanda əri oyanmışdı, özünə yemək hazırlayırdı. Ərinin nə dediyini belə vecinə almayıb yataq otağına girib qapını içəridən bağladı.Nə qədər, neçə saat yatdığını bilmədi, gecə yarısı yuxudan oyandı. Nə illah etdi ,gözünə yuxu getmədi. Əlüstü bir şeylər atışdırıb qollarını çırmələdi. Evin bütün çarşaf və pərdələrini söküb hamama daşıdı . Hamam vannasında isti su hazırlayıb paltarları islağa qoydu., gecəylə pəncərələri sildi, hər yerin tozunu aldı. Arada imkan edib yuduğu çarşaf və məhrəbaları qaynamağa qoydu. Bütün qab qazanı sürtüb təmizlədı. Neçə aydan bəri idi ki, heç belə təmizlik etmirdi. Ərinin ickisindən və üfunət qoxuyan nəfəsindən evdə iş görməyə həvəsi qalmırdı da.
İşini qurtarıb paltarları sərəndə səhər çoxdan açılmışdı. Nizamı hələ növbədən qayıtmamışdı. O bu saata qalmazdı. Nigaran deyildi, amma məətəl qalmışdı ki Nizamı işdən çıxıb hara getmiş ola bilər ki? Axı gedəcək bir yeri də yox idi. Dost tanış da yox idi ki bərabər içməyə gedələr.
İşlərini bitirib divanda oturdu, televizora baxa baxa mürgülədi. Telefonun səsinə yuxudan qalxdı. Xalasının əri idi. Aynuru təcili Semoşko xəstəxanasına çağırırdı. Nizamı axşam işə gedərkən ıç yerının yaxınlığında onu maşın vurubmuş.
Başı alovlu xəstəxanaya qaçdı. Nə qədər pıs olsa da 23 illik həyat yoldaşı idi, it pişik kimi didişə didişə yaşasalar da, dar günündə Nizami Aynura və oğluna sahib çıxmışdı. Aynura ailəlik, Vüsala atalıq eləməsə də adı üstlərində ölmuşdu...
Nizamı yetim idi, Aynurdan başqa da heç kimi yox idi, bu günüdə də Aynur onun yanında olmalı idi. Bu onun qadınlıq vəzifəsiydi.
Xəstəxanaya çatanda geçikmişdi , Nizami canını tapşırmışdı. Nızamının üzünü axırıncı dəfə xəstəxananın morqunda gördü.
Dəfn mərasimi hazırlana qədər Aynur Vüsalın atasının dəfnində iştirakı üçün lazımı yerlərə müraciət etdi. Lakin ona rədd cavabı gəldi.
Vüsal izindən yeni qayıtmışdı, həm də bu dəqiqə ön cəbhədə idi. Yenə də atasının öldüyünü nəzətə alıb Aynura ümüd verdilər. Bəlkə döyüş bölgəsindən qayıtdıqdan sonra nəsə fikirləşəcəklərini dedilər.
Nizamını dəfn edəndə çox adam yox idi, sadecə Aynurun 3 qardaşı, anası, xalası və xalasının əri. Bir də qaldığı həyətdəki iki üc qonşu vəssalam. Heç atası da mərasimə gəlməmişdi.
Dəfindən sonra Aynurun yanında da qalan olmadı. "Korona var, yas vermək, bir yerə toplaşmaq olmaz " deyə bəhanələrlə dağılışdılar. Bir anası qalmaq istədi. Ona da Aynur izin vermədi. Tənəylə :
-Xəstəliyə düşərsən, qoca arvadsan, gedərsən evdəkiləri də salarsan, sonra qan qarğış yiyəsi olaram.
Axşam anasını yola salıb içəri girdi. Divanln üstündə Nizamının yatdığını gördü. Masanın üstü həmişəki kimi dağınıq, kirli qab qacaqlı, yenə ev tör töküntü idi. Gözlərinin qarçısında ev həmişəki kimi idi. Bir içki və siqaret qoxusu gəlmirdi. Eslində hər yer çiçək kimi tər təmiz idi...
Masanın arxasına keçıb divanda oturdu. Kövrəlmişdi, heç ağlına gəlməzdi ki, nə vaxtsa Nizami üçün ağlayardı. İndi elə tənhalaşmışdı ki...
Çənəsi büzülə büzülə, dodaqları əsə - əsə əlini Nizaminin yatdığı yastığa uzatdı. Onun hər zaman tüklü uzü,pırtlaşıq olan saçını sığallayırmış kimi yastığı sığalladı.
- Ah, Nizi,nə deyim səni ağlayım, axı bir xoş günümüz yadıma düşmür. Amma yenə dayana bilmirəm, yenə mənə həyan idin. Yenə ürəyim dolanda, dediyimi anlamasan da, içimdəki fəryadımı başa düşməsən də ürəyimi sənə boşaldırdım. Hirsimi sənə tökürdüm. İndi neyləyim kımlə danışım? Kimə içimi boşaldım? Dərdimi kimə deyim? Darıxıram Nizami, darıxıram... Kaş məni tək qoymayaydın...
Aynur başını yastığa basıb hönkür hönkür ağladı...
Özünü yaxşı hiss etmirdi. Bütün əzələləri ağrıyirdi. Sanki kimsə tutub onu döymüşdü. Yerindən qalxa bilmirdi. İki gün idi Nizamini itirdiyi, hələ bir adam nə qapısını çalmışdı, nə zəng eləmişdi. Qalxıb özünə bir stəkan çay da qoya bilmirdi, ərinirdi, yorğun idi. Arada bir qonşu gəlin gəlir, ona baş çəkir, evindən gətirdiyi bir boşqab isti yeməyi önünə qoyurdu. Bir də Aytac zəng edirdi. O da danışanda cəbhədə vəziyyətin gərginləşdiyini, uzaq - yaxın, tanıdıq, tanımadıq əsgərlərin şəhid olduğundan xəbər verirdı. Tükənmişdi. Nə heç kimlə danışmaq, nə də, heç nə eşitmək istəmirdi. Dili nə deyirdi, beyni nə düşünürdü heç özü də bilmirdi. Qızdirmadan alışıb yanırdı. Onun qızdırması qonşu gəlini təşvişə salmışdı.
- Aynur, birdən korona olarsan ee, qalx, qalx get bir yoxlat.
- Yox, ay qız, heç nəyim yoxdur sadecə yorğunam, iki gündür yollarda, sonra gəldim gecə sabaha qədər ev eşik, tərlədim. Üstü açıq yatıb qalmışam. Sonra Nizaminin xəbəri... Tərli tərli qaçdım xəstəxanaya, cənazə, ora qaç, bura qaç, üşütdüm. Keçər.
Aynurun etirazına baxmayaraq qonşu gəlin Aynur üçün təcili yardım çağırdı. Allahından korona deyilmış, Aynurun dediyi kimi sətəlcəm olubmuş .
Yuxu görürdu. Bir avtobusla səyahətə çıxmışdı, Vüsal da yanındaydı. Bilmir necə olduysa Aynur avtobusdan aşağı düşür , yaxınlıqdakı dükanların birinə girir. Oğlu üçün bəylik paltarlarına baxır. Kostuyumlardan birini seçır və geri dönüb Vüsalı çağırmaq istəyir ki, Vüsal gəlib kostuyumu geyinib baxsın. Lakin, bu vaxt avtobus hətəkətə keçir. Aynur kostuyumu yerinə asıb avtobusun arxasınca qaçacaqdı ki, görür ki əlindəki kostuyum al qan içindədir. Yollar qana dönüb. Aynur Kostuyum əlində avtobusun arxasınca qaçır, təssüf ki yetişə bilmir. Avtobusun arxasınca qışqırır...
Hardansa toy səsi gəlir, Aynur əlində bəylik paltarı oynaya oynaya, səsə tərəf gedir, o qədər oynayır ki, o qədər atılıb düşür ki, Aynur bütün qan tər içindəydi... Hardansa qonşusu gəlib çıxdı, onun tərini silərək, onu silkələyirdi.
- Aynur, ay Aynur qalx, Aynur.
Aynur gözünü açanda bütün qonşular kişili qadınlı başının üstündəydi.
- Nolub, xeyirdir, Vüsal gəlib? Niyə yığışmısız bura? Hanı Vüsal? Cavab verin də! Vüsal...
Hamı bir birinin üzünə baxırdi. Aynur bu baxışlarda bir qəribəlik görürdü. Baxışlarda təssüf və kədər vardı. Aynurun sualları cavabsız qalmışdı. Kimsə ağzını açmaq istəmirdi. Ev sahibi Bəylər dayının ağladığı diqqətini çəkdi.
- bəylər dayı, nolub , niyə ağlayırsan? Gülnaz, az sən allah nolub, bir şey deyin. Niyə elə baxırsız, niyə ağlayırsız?
Bəylər dayı qapını açıb bayra boylandı, kimisəni içəri dəvət etdi. İki əsgər və bir zabit içəri girdi. Elə bil Aynurun içində nəsə qırılıb ayaqları altına düşdü :
- Vüsalll !!! - naləsi kicik evin pəncərələrini cingildətdi sankı. İsəridə qqəribə bir uğultu yarandı. Qadınlar Aynuru qucaqlayıb kürəklərini ovxaladı.
Zabit rəsmi şəkildə özünü təqdim edib :
- Oğlunuz, Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücayət və qəhramanlıq göstərmişdir. Müharıbə başlayan gündən bu günə qədər bir neçə kəndin azadlığında onun da payı vardır. Vüsalın qəhrəmanlıqları qürur mənbəyimizdir. Bir neçə saat bundan əvvəl vətənin igid övladı Məmmədov Vüsal Nizami oğlu erməni qüvvələrinin işğalı altında olan stafetejik mövqe olan vacib və önəmli yüksəkliyi işğaldan azad etmək üçün böyük qəhrəmanlıqlar göstərərək şəhadətinə qovuşmuşdur. Şəhadəti mübarək, şəhidim ! Vətən sağolsun!
İçəridə şivən, tüğyan qopmuşdu, Aynur isə key key camaatın üzünə baxırdı. Sanki gördüyü və bu gün burda yaşadıqları bütün hər şey yuxu idi...
S O N...
FERİDE ACARAKÇAY
02. 11. 2020
22. 30